Böyük zəhmət tələb edənsənət
növü - xəttatlıq
"Xəttatlar olmasaydı, Nizaminin, Füzulinin, Tusinin yaradıcılığını bizə kim çatdıra bilərdi?! Onlar gecələr lampa işığında, böyük zəhmət bahasına əllə qalaq-qalaq kitablar yazıblar. Biz bunlarsız indi nə ədəbiyyatı tanıyardıq, nə tarixi, nə də elmi!" Bu sözlər Azərbaycanın tanınmış xəttatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Müzafəddin Əzizova məxsusdur.
Sitatdan göründüyü kimi, haqqında bəhs edəcəyimiz mövzu artıq tarixə qovuşmaq üzrə olan xəttatlıq sənəti barədədir. Sənətin hazırkı durumuna, müasir cəmiyyətin münasibətinə, ümumilikdə bu peşənin sirlərinə keçməzdən əvvəl xəttatlıq barədə qısa arayış verək. Xəttatlıq və ya kalliqrafiya (yunanca - gözəl xətt) təsviri incəsənətin sahələrindən biridir. Onu nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir - "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. Bu, incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq hazırda İslamın simvolu kimi də qəbul edilir.
Müasir dövrdə bu sənətin nə dərəcədə maraq kəsb etdiyini, mövcud vəziyyəti öyrənmək üçün elə sənətkarın özünə, tanınmış xəttat Müzafəddin Əzizova müraciət etdik. Maraqlı müsahibimiz olan M.Əzizov 1948-ci ildə Quba rayonunun Ayran kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Ərəb dili üzrə mütəxəssis kimi xarici ölkələrdə ezamiyyətlərdə olmuş, Yəmən Xalq Demokratik Respublikasında tərcüməçi işləmiş, Liviya və bir sıra ölkələrdə çalışmışdır. Onun əmək fəaliyyətində xəttatlıq sənətinin ayrıca yeri var. 1974-cü ildən bu sənətlə məşğuldur, həmin ildən etibarən fasilələrlə AMEA Əlyazmalar İnstitutunda çalışır.
Onunla elə AMEA-də görüşdük. İlk olaraq Məhəmməd peyğəmbərə istinadən belə dedi: "Xəttatlıq sənəti elmin yarısıdır. İslam dini meydana gələndə peyğəmbərimiz özü xəttatlıqla, yazı sənəti ilə çox maraqlanıb. Onun 16 katibi olub və onlardan xahiş edib ki, Allahdan gələn vəhyləri köçürsünlər. O vaxtdan bu sənət yaranmağa başlayıb, X əsrdən etibarən püxtələşmə mərhələsi olub. XIII əsrdə isə sənət ən yüksək inkişaf mərhələsinə çatıb. O dövrdə türk əsilli xəttat Yaqut Müstəsiminin sənətin inkişafında böyük rolu olub".
Xəttatlıq sənətində inqilab
Xəttat dedi ki, sənətin tarixi də bir aləmdir, özü də. Bu barədə çox danışmaq olar. Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bildiyinə görə onun həmin xətlərlə yazan xeyli ardıcılları vardı. Bu xəttatların fəaliyyəti nəticəsində ərəb əlifbasının 6 əsas xətt növü yaradılıb - süls, nəsx, mühəqqəq, reyhani, sauqi və rüqa. Bunları birlikdə klassik altılıq adlandırırlar. Bu yazı çeşidləri xəttatlıqda ən çox yayılanlardandır. Bu çeşidlər qələmlərin quruluşu və istifadə sahələrinə görə sonradan daha da çoxalıb.
Sənətkarın sözlərinə görə, XIV əsrə qədər əsasən bu xətlərlə işləyiblər. Onların ən çox işlənəni nəsx xətti, bədiiliyinə və incəliyinə görə isə süls xəttidir. Bu iki xətt daha çox məşhur olub. Digər xətlər - mühəqqəq, sauqi, reyhani və rüqa bir-birinin oxşarlarıdır: "XIV əsrdə Mir Əli Təbrizi xəttatlıq sənətində inqilab elədi. O, yeni bir xətt - nəstəliq xətti yaratdı. Bundan sonra bütün bədii əsərlər və digər yazılar nəstəliq xətti ilə yazılmağa başlandı. Bu xətt hazırda da İran, Əfqanıstan, Hindistan və Pakistanın ana xəttidir, yazı növüdür. Yeni xətt yaratmaq hər kəsə nəsib olmaz, bunun üçün ustaddan ustad olmalısan".
Nəstəliq xəttinin yaranması ilə bağlı bir haşiyə çıxaq:
- Rəvayətə görə, Mir Əli Təbrizi yazı yazmağı çox sevirdi və hər zaman Allahdan ona nə ondan əvvəlki, nə də ondan sonrakı xəttatların yarada bilməyəcəyi bir xətti özünün icad etməsini diləyərdi. Beləliklə, Mir Əli bir gecə yuxuda şiələrin I imamı Mürtəza Əlinin ona müraciətini görür: "Ey Allah bəndəsi, diqqətlə ördəyi tətbiq et və onun əsasında bir xətt yarat!" Mir Əli heyranlıqla soruşur: "Ey aləmin sultanı, bu cür qamətsiz varlığın görünüşü ilə necə xətt yaratmaq mümkündür?" Cavabında isə: "Onun gözləri, boğazı və dimdiyinə diqqət yetir, onların dairəliyi, qabarıqlığı, batıqlığına nəzər sal və xətt yarat!" Sonuncu cümlə "nəstəliq" xəttinin xüsusiyyətlərini tam olaraq xarakterizə edir.
Gözəl xətt savadın göstəricisidir
Müzafəddin usta qeyd etdi ki, xəttatlığa çatan ikinci bir peşə yoxdur. Bu sənətin sayəsində bu gün Nizaminin "Xəmsə"sini, Firdovsinin "Şahnamə"sini oxuyuruq. Bunları etmək hər oğulun işi deyildi, indiki kimi texnologiya yox idi, kağız qıtlığı vardı, mürəkkəb hazırlamaq o vaxt böyük problem idi. Amma Allah xəttatların hamısına səbr verib, o kitabların üzünü köçürüblər və ədəbi irsimizi bu günə çatdırıblar: "Mənim nəzərimdə xəttatlar ən xeyirli, bəşəriyyət üçün ən lazımlı insanlar olublar. Sənət inkişaf etdikdən sonra bir çox xəttatlar üçün xüsusi qazanc yeri olub. Bu barədə imam Əlinin bir hədisi var - Ruzi əldə etmək üçün xəttatlıq sənəti bir alətdir. Ümumiyyətlə, sənətin tarixinə baxanda düşünürəm ki, xəttatlardan zəhmətkeş, səbirli insanlar dünyaya gəlməyib. Sənətin birinci şərti odur ki, bu, insanın canında olmalıdır, səbr, qabiliyyət lazımdır. Əgər insanın qanından, canından yazıya istək, maraq olmasa, bu sənəti öyrənmək qeyri-mümkündür".
XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşamış görkəmli xəttat Suban-Əli Məşhədi bildirmişdir: "Xətt (yazı) ona görə mövcuddur ki, onu oxusunlar və onun üçün deyil ki, onu oxuyanda çətinlik çəksinlər... Xəttin gözəlliyi gözləri oxşayır, pis olduqda isə gözləri yandırır". Elə xəttat Müzafəddin deyir ki, indinin özündə də xətti gözəl olan insanlara savadlı bir şəxs kimi hörmət edirlər, düşünürlər ki, o, qabiliyyətli insandır.
Türk xəttatlarına həsəd aparmaq lazımdır
Müasir texnologiyaların yarandığını xatırlardan xəttat qeyd etdi ki, sənətə maraq xeyli azalıb. Amma hələ də bu sənətə ehtiyac var: "Hazırda yeni məscidlər tikilir. Bu məscidlərin bir neçəsinin yazılarını mən işləmişəm. Nardaran və Təzəpir məscidlərinin yazıları da mənə məxsusdur. Azərbaycanda əllə sayılacaq qədər xəttat var, amma 40 ilə yaxındır bu sənətlə məşğul olmağıma baxmayaraq, görürəm ki, mən də mükəmməl səviyyədə püxtələşməmişəm. Yaxşı rəssamlarımız var, amma hesab edin ki, Azərbaycanda təmiz, işində mütəxəssis olan xəttat yoxdur. Lakin Türkiyədə xeyli peşəkar xəttatlar var. Onlarınn sərgilərində iştirak etmişəm. Qoymayıblar ki, sənət ölsün, bu gün türk xəttatlarına qibtə etmək, həsəd aparmaq lazımdır. Çünki bizdə bu sənət getdikcə ölür, gələn nəsil isə maraq göstərmir. Ərəb ölkələrində xəttatlığı öyrədən ayrıca bir akademiya var, incəsənət profilli universitetlərin nəzdində xəttatlıq fakültəsi mövcuddur. İstərdim ki, bizdə də sənəti öyrətmək üçün heç olmasa xüsusi kurslar açılsın. Bunun üçün də mütəxəssis lazımdır, ya gərək xaricdən dəvət edək, ya da özümüzünkülərə müraciət edək. Öz xəttatlarımız bildiklərini öyrətsələr, o da böyük işdir".
Xəttatdan ərəb qrafikası xaric, digər qrafikalarda yazmağın mümkünlüyünü soruşduq. Dedi ki, ərəb qrafikasının xüsusiyyətlərini bilməsən, latınca, yaxud digər qrafikada xəttatlıq etmək mümkün deyil. Sənətin maddi tərəfinə gəlincə isə - "Sənət maddi tələbatı həmişə tamlıqla ödəməyib. Sənətin hesabına dolanmaq çətin olub. Sovetlər dönəmində alimlərin materiallarını və müəyyən lövhələri işləmişəm, bunun qarşılığında konkret maaş almışam. Amma ölkəmiz müstəqillik qazandıqdan sonra sənətin maddi tərəfləri yaxşılaşıb. Çünki yeni məscidlər tikilməyə başladı və s. Hazırda da bir neçə məsciddən müraciətlər olunur", - deyə əlavə etdi.
Krala verilən hədiyyə
Müzafəddin ustanın yaradıcılığına diqqət edərək bəzi məqamları qeyd etməmək olmur. O, çox sayda elmi-tənqidi mətnləri, o cümlədən M.Füzulinin azərbaycanca "Divan"ı, "Leyli və Məcnun" poemasının Ayna Babayeva tərəfindən hazırlanmış elmi-tənqidi mətni, N.Gəncəvinin "Yeddi gözəl" poemasının filologiya elmləri doktoru Tahir Məhərrəmov tərəfindən hazırlanmış tənqidi mətninin yazısı, Xətai Təbrizinin "Yusif və Züleyxa" poemasının Təyyar Əkbərov tərəfindən hazırlanmış elmi-tənqidi mətni, Teyyibə Ələsgərova və Cəmilə Sadıqova tərəfindən hazırlanmış Hüsaməddin Xoyinin "Töhfeyi-Hüsam"ın elmi-tənqidi mətni, "Dədə Qorqud" dastanının "Bakı" nüsxəsi, türk dilində oxu mətnləri və bir çox kitabların üzünü köçürmüşdür.
Xüsusi qeyd etmək lazımdır ki, Müzafəddin Əzizov Azərbaycan xalq rəssamı Kamil Əliyev tərəfindən hazırlanan Səudiyyə Ərəbistanının mərhum kralı Fəhd bin Əbdüləzizin portreti olan xalça üçün kufi xətti ilə "Fatihə" surəsini işləmişdir. İncəsənətimizin gözəl nümunəsi olan bu sənət əsəri ümummilli lider Heydər Əliyev tərəfindən krala hədiyyə edilmişdir.
Xəttat beynəlxalq sərgilərdə də fəal iştirak edir. 2011-ci il aprelin 25-dən mayın 5-dək Səudiyyə Ərəbistanının Mədinə şəhərində keçirilmiş 300 xəttatın iştirak etdiyi beynəlxalq xəttatlıq sərgisində M.Əzizova diplom, xatirə medalı verilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Xatırlatmaq istərdik ki, M.Əzizovun tərcümə sahəsində də sanballı işləri var. Yaxın günlərdə isə orta əsrin böyük Azərbaycan təbibi Mahmud ibn Hacı Şirvaninin "Ətriyyat bağı" adlı 630 səhifədən ibarət əsərinin ərəb dilindən tərcümə edilməsini başa çatdıracaq.
Müzafəddin
Əzizovla söhbətimizdə xəttatlığın necə
ali bir sənət olduğuna şahidlik etdik. Bunu əcnəbi
rəssamlar da təsdiq edirlər. Dahi fransız rəssamı
Pablo Pikasso xəttatlıq nümunəsini "Bu həqiqi bir
rəsm əsəridir", - deyə qiymətləndirib.
Hollandiyalı rəssam Van Qoq isə məhz xəttatlıq
vasitəsilə rəssamın ürəyindən keçəni
nümayiş etdirə biləcəyini deyib. Ümid edək
ki, bu sənət Azərbaycanda da həqiqi bir rəsm əsəri
kimi yaşayacaq, tarixə deyil, tarixi özünə
qovuşduracaq.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 23 iyun.- S.7.